Almaniyalı jurnalist Anjelik Geray Rusiyanın Avropada “birdəfəlik agentlər” vasitəsilə fəaliyyət göstərdiyi şəbəkənin iş üsullarını üzə çıxarmaq üçün aylarla saxta kimlikdən istifadə edib.

Musavat.com xəbər verir ki, jurnalist “Katya” adlı, Vladimir Putinin tərəfdarı olan qadın obrazı yaradaraq saxta kanal açıb. O, Rusiya bayrağı ilə videolar yayımlayıb və bir müddət sonra onunla əlaqə saxlayan şəxslərdən müxtəlif tapşırıqlar almağa başlayıb.

Gerayın sözlərinə görə, ondan Almaniyada müəyyən obyektlərin fotolarını çəkmək, Xristian Demokrat İttifaqı – CDU ilə əlaqəli şəxsləri, silah istehsal edən şirkətləri və qeyri-hökumət təşkilatlarını izləmək, həmçinin onların əməkdaşları barədə şəxsi məlumatlar toplamaq tələb olunub.

Araşdırmada bildirilir ki, belə “birdəfəlik agentlərin” cəlb edilməsi adətən kiçik məbləğ qarşılığında sadə tapşırıqlarla başlayır. Əvvəlcə hansısa obyektin fotosunu çəkmək, bağlamanı götürmək və ya SIM-kart əldə etmək istənilir. Sonradan isə tapşırıqlar tədricən daha ciddi xarakter alır.

Maraqlıdır ki, buna bənzər agent cəlbetmə üsullarından İkinci Dünya müharibəsi dövründə, 1941–1945-ci illərdə Hitler Almaniyasının xüsusi xidmətləri də SSRİ-yə qarşı istifadə edirdi. Almaniyanın hərbi kəşfiyyatı Abver, eləcə də SS sisteminə daxil olan SD və RSHA sovet vətəndaşları və hərbi əsirlər arasından adamlar cəlb edərək onları məlumat toplamaq, hərbi və strateji obyektləri müəyyənləşdirmək və təxribat tapşırıqları üçün hazırlayırdı.

Bu sistemin ən məşhur nümunələrindən biri 1942-ci ildə başladılan “Zeppelin” əməliyyatı idi. Namizədlər arasında sovet hərbi əsirləri də vardı; seçilən şəxslər xüsusi hazırlıqdan keçirilir, sonra SSRİ-nin arxa cəbhəsinə göndərilirdi. Onlara kəşfiyyat məlumatları toplamaq, strateji obyektlər barədə məlumat əldə etmək, rabitə və nəqliyyat infrastrukturu ilə bağlı məlumat ötürmək, bəzi hallarda isə təxribatlar törətmək tapşırılırdı. Agentlərin bir hissəsi paraşütlə sovet ərazisinə endirilirdi.

Beləliklə, bugünkü “birdəfəlik agent” sxemi ilə həmin dövrün metodları arasında müəyyən oxşarlıq görünür: əvvəlcə uyğun adam tapılır, ona konkret və məhdud tapşırıq verilir, etibarlılığı yoxlanılır və bundan sonra daha ciddi əməliyyatlara cəlb oluna bilər. Fərq əsasən istifadə olunan vasitələrdədir – o dövrdə saxta sənədlər, radio və gizli əlaqə kanalları vardısa, bu gün həmin rolu internet, sosial şəbəkələr və Telegram kimi platformalar oynaya bilir.

Əlaqənin əsasən Telegram vasitəsilə qurulduğu, əməliyyatda iştirak edən hər bir şəxsin isə yalnız özünə verilmiş tapşırıq barədə məlumatlı olduğu bildirilir.

“Katya”nın kanalı ilə Rusiyaya yaxın mövqeyi ilə tanınan Sara Vaqenknext İttifaqından almaniyalı siyasətçi Yovitsa Yoviç də əlaqə saxlayıb. O, kanalın inkişaf etdirilməsi ilə bağlı məsləhətlər verib. Məsələn, “Katya”ya NATO bayrağının üzərində rəqs etdiyi video çəkməyi təklif edib.

Jurnalist ondan Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmadığını soruşduqda Yoviç “nəzəri olaraq heç nə bilmədiyini, praktiki olaraq isə bildiyini” deyib. Daha sonra siyasətçi Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğunu inkar edib.

Geray saxta “Katya” obrazının arxasında əslində özünün dayandığını açıqladıqdan sonra naməlum şəxslər tərəfindən ölümlə hədələndiyini bildirib.

Musavat.com